İctimai Vəkillik

“SOS Uşaq Kəndləri –Azərbaycan” Assosiasiyası İB-yi uşaq hüquqlarının qorunması, xüsusilə də valideyn himayəsindən məhrum olan və ya risk altında yaşayan uşaqların rifahının yaxşılaşdırılması sahəsində ictimai vəkillik fəaliyyətini həyata keçirir. Təşkilatın yerli layihələri səviyyəsində ictimai vəkillik Uşaq Kəndi Proqramları tərəfindən, ölkə miqyasında ictimai vəkillik tədbirləri isə ictimai vəkillik üzrə məsləhətçi tərəfindən həyata keçirilir. İctimai vəkillik tədbirlərinə təşkilatın himayəsində olan uşaqların hüquqlarının qorunmasına nəzarət, uşaq hüquqlarının təşviqi sahəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq, uşaq hüquqları və uşaq müdafiəsi sahəsində ölkə miqyaslı tədbirlərdə iştirak, uşaq hüquqlarının yerinə yetirilməsinin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması və s. tədbirlər daxildir.

“SOS Uşaq Kəndləri” Beynəlxalq Təşkilatının ictimai vəkillik fəaliyyətinin əsas kampaniyaları- “Mən də varam” (I matter) və “Mənim üçün qayğı” (Care for me) Azərbaycanda da həyata keçirilir. Mən də varam” kampaniyasının əsas istiqaməti alternativ qayğıda olan və qayğını tərketmə mərhələsindəki  gəncləri birləşdirmək, onları öz problemlərinin həlli istiqamətində səfərbər etməkdir. Bu məqsədlə gənclər üçün sosial psixoloji yardım, hüquqi yardım, sağlamlıqla bağlı problemlərin aradan qaldırılmasına dəstək, sosial inteqrasiya istiqamətində təlim və kursların təşkili, işsizlik probleminin həllinə dəstək, gənclərin problemlərinin həllinə cəmiyyətin diqqətinin artırılması və müvafiq qurumlarla əməkdaşlığın qurulması və s. tədbirlər təşkil edilmişdir. “Mənim üçün qayğı” kampaniyasının əsas məqsədi isə BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydalarına münasibətdə ölkənin milli qanunvericiliyi və institusional təcrübəsinin qiymətləndirilməsi, mövcud alternativ qayğı sisteminin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması və müvafiq instansiyalara çatdırılmasıdır. Bu istiqamətdə sözügedən sənəd Azərbaycan dilinə tərcümə edilmiş, müvafiq qiymətləndirmə ilə bağlı tədqiqat yekunlaşdırılmışdır. Cari ildə kampaniya çərçivəsində uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və himayədən məhrum olan uşaqlar üçün səmərəli alternativ qayğı tədbirlərinin təşkili istiqamətində ictimai vəkillik tədbirlərinin təşkili nəzərdə tutulur.

Bura BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydalarının tətbiqi, həyata keçirilməsi və monitorinq olunması üçün dövlət institutları və qeyri-hökümət təşkilatları, beynəlxalq təşkilatlar, özəl şirkətləri ilə səmərəli əməkdaşlıq daxildir.

İctimai vəkillik strategiyası bizə daha çox uşağı müdafiə etmək üçün imkan yaradır. İctimai vəkillik fəaliyyətinin qanunvericilik əsasları:

  • BMT-nin Uşaq Hüquqları Konvensiyası
  • Ailə Məcəlləsi
  • «Uşaq hüquqları haqqında» AR Qanunu
  • «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» AR Qanunu
  • «Sosial xidmət haqqında» AR Qanunu
  • «De-institutlaşdırma və alternativ qayğı» DP